Obyekti sökülənlər dəmiryolçulara hücum etdi Iyulun 25-də Dövlət Dəmir Yolu Idarəsinin əməkdaşları Biləcəri qəsəbəsi ərazisindən keçən dəmir yolu xətlərinin təhkim zolağındakı obyektlərin köçürülməsinə başlayıb. Bu barədə məlumatı “Olaylar”a Dövlət Dəmir Yolu Idarəsi mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov verib. Onun sözlərinə görə, artıq sözügedən ərazidən 10-dan artıq obyekt sökülüb və təhkim zolağından uzaqlaşdırılıb. Lakin söküntü işlərini həyata keçirənlər obyekt sahiblərinin hücumuna məruz qalıb. Nadir Əzmməmədovun dediyinə görə, obyekt sahibləri söküntünü həyata keçirən işçilərə qarşı hücum edib və onlar ərazidən çıxarılıb. Qarşıdurmadan sonra işçilər söküntünü dayandırmaq məcburiyyətində qalıb. Hazırda Dövlət Dəmir Yolu Idarəsi məsələ ilə bağlı obyekt sahibləri ilə danışıqlar aparır. Qeyd edək ki, Dövlət Dəmir Yolu Idarəsi respublika dəmir yolunun təhkim zolağındakı 200-ə yaxın obyekti söküb təhkim zolağından uzaqlaşdırıb.